news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 iyun 2025

Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov Xocənd şəhərində keçirilən “Suğd 2025” 11-ci Beynəlxalq Ticarət Sərgisində iştirak edib

12-14 iyun 2025-ci il tarixlərdə Tacikistan Respublikasının Xocənd şəhərində “Suğd 2025” 11-ci Beynəlxalq Ticarət Sərgisi keçirilib. Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov sözügedən tədbirdə iştirak edib.

12 iyun 2025-ci il tarixdə Beynəlxalq Ticarət Sərgisi çərçivəsində təşkil olunmuş “Ticarət və investisiya imkanları və əməkdaşlıq perspektivləri” mövzusunda Beynəlxalq Forumda Suğd vilayətinin qubernatoru Rəcəbboy Əhmədzodə çıxış edərək, bu forumun Tacikistan Respublikasının “açıq qapı” siyasətinin və beynəlxalq ictimaiyyətlə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək istəyinin bariz təzahürü olduğunu qeyd edib.

Həmin gün, “Suğd 2025” 11-ci Beynəlxalq Ticarət Sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə Rəcəbboy Əhmədzodə çıxış edərək, beynəlxalq yarmarkanın keçirilməsinin region iqtisadiyyatının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində mühüm addım olduğunu qeyd edib.

Səfir Əlimirzamin Əskərov tədbirdə çıxış edərək, tədbirin yüksək səviyyədə təşkil edildiyini və bu sərginin regional iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra, tədbir iştirakçıları Tacikistanın və digər qonşu dövlətlərin sənaye və kənd təsərrüfatı sektorunun aparıcı müəssisələrinin məhsullarının nümayiş etdirildiyi sərgi ilə tanış olub.

13 iyun 2025-ci il tarixdə səfir Əlimirzamin Əskərov Suğd vilayətinin qubernatoru Rəcəbboy Əhmədzodə ilə görüş keçirib.

Rəcəbboy Əhmədzodə, Azərbaycan və Tacikistan arasında dostluq əlaqələrindən söhbət açaraq, Suğd vilayətində sərmayələrin qoyulması üçün münbit şəraitin mövcud olduğunu, regionun geniş turizm imkanlarına malik olduğunu və iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Səfir Əlimirzamin Əskərov, “Qardaşlaşmış şəhərlər” olan Gəncə və Xocənd arasında əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacib olduğu qeyd edib, mövcud olan yüksək səviyyəli siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticarət, turizm və mədəniyyət sahələrində də əlaqələrin davamlı olaraq inkişaf etdiyini bildirib.

Görüşdən sonra, səfir Əlimirzamin Əskərov “Suğd” televiziya kanalına müsahibə verib, Azərbaycan-Tacikistan əlaqələrindən və keçirilmiş tədbirin mahiyyətindən söhbət açıb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti