Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması

Ümumi məlumat

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerdə və ya atalıq məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu (bundan sonra – konsulluq) tərəfindən həyata keçirilir.

Atalığın müəyyən edilməsinin qeydə alınması qaydaları.

Atalığın müəyyən edilməsi konsulluqlar tərəfindən:
1. valideynlərin birgə ərizəsi və uşağın doğum haqqında  şəhadətnaməsi;
2. və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.

Konsulluq yalnız aşağıdakı hallarda yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında atalığın müəyyən edilməsini qeydə ala bilər:
1. ana öldükdə;
2. ana fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3. ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda
4. ana valideynlik hüquqlarından məhrum edildikdə.

Bu hallarda ata ərizə ilə konsulluğa müraciət etdikdə aşağıdakı sənədləri ərizəyə əlavə etməlidir:
1. yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının  müvafiq razılığını təsdiq edən sənəd;
2. ananın ölümü haqqında şəhadətnamənin surəti;
3. ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında   məhkəmə qətnaməsindən çıxarış;
4. ananın valideynlik hüquqlarından məhrum olunması barədə  məhkəmə qətnaməsindən çıxarış; 
5. ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə  qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin  mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq  sənəd.

Valideynlərdən biri üzrlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün konsulluğa gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi yaşadığı yerin konsulluğu tərəfindən təsdiq edilməlidir.

Aralarında nikah olmayan şəxslərin uşağı olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda, məhkəmə qətnaməsinin əsasında aşağıda göstərilən şəxslərin ərizəsi ilə konsulluqlar atalığın müəyyən edilməsini qeydə alır:
1. uşağın valideynlərindən birinin;
2. uşağın qəyyumunun (himayəçisinin);
3. uşağı saxlayanın;
4. uşaq yetkinlik yaşına çatdıqda onun özünün.

Konsulluqlar uşağın anası ilə atası nikahda olmadıqda, uşağın atalığını atası ilə anasının birgə ərizəsi əsasında müəyyən edir. Uşağın yetkinlik yaşına çatmayan valideynləri nikaha daxil olmamışlarsa, onun atalığı həmin valideynlər 16 yaşına çatdıqdan sonra valideynlərinin ərizəsi əsasında müəyyən edilir.

Arxiv üzrə axtarış